Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti.
2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır.
"Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu.
İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur.
Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu.
Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.